AZENG
11 Fevral 2020

AMADA İdmançılar Məsləhətçi Komissiyasının üzvlüyü barədə sənəd qəbulunu elan edir

Dopinqlə mübarizə sahəsində və təmiz idmanın təşviqində idmançıların iştirakı mühüm rol oynayır. Bununla bağlı, idmançılarla əməkdaşlığı əsas prioritetlərdən biri kimi dəyərləndirərək, AMADA irəliyə doğru bir addım atmış və sıx əməkdaşlığı təmin etmək üçün İdmançılar Məsləhətçi Komissiyasını təsis etmişdir. Bu Komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir. Komissiya idmançılar və AMADA arasında əlaqələndirici rolunu oynayacaq.

 

Komissiyanın tərkibində on iki idmançının olması nəzərdə tutulur. On üzvü respublika idman federasiyaları tərəfindən irəli sürülən namizədlər və ikisi açıq elan əsasında üzv olmaq istəyən idmançılar arasından təyin olunacaq. Ədaləti və təmsilçilikdə fərqliliyi təmin etmək məqsədilə gender bərabərliyini və müxtəlif yaş qruplarını təmsil edən idmançılar arasında tarazlığın qorunması prinsipilərinə əməl olunacaq.

 

Komissiyanın əsas vəzifələri AMADA ilə idmançılar arasında əlaqələndirici rolunu oynayaraq, Komissiyanın missiyasını dəstəkləmək və idmançılarla əlaqədar olan məsələlərdə AMADA-ya müxtəlif məsləhətlər verməkdir. AMADA Komissiya ilə vacib məsələlər üzrə birgə çalışaraq, fəaliyyətində idmançıların fikir və ehtiyaclarını nəzərə almaq üçün əməkdaşlıq edəcək.

 

AMADA üzvlük üçün sənəd qəbulunu açıq elan edir. Nəzərə alınması üçün, bütün müraciətlər, CV daxil olmaqla, 15 fevral 2020-ci il tarixinədək office@amada.az ünvanına göndərilməlidir.