AZENG

HÜQUQ

Hüquqi Yardım

İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyada ittiham edilən və mümkün sanksiya ilə üzləşən şəxsə, öz müdafiəsini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman müvafiq hüquqi yardımın göstərilməsi haqqında müddəa mövcuddur. Antidopinq icraatının məqsədi cəzalandırmaq deyil, ədalətin bərqarar olunması və təmiz idman prinsiplərinin müdafiə olunmasıdır.

Antidopinq sisteminin tələbləri ilə idmançıların müdafiə edilməsi zərurətinin tarazlaşdırılmasının yollarından biri idmançılara müvafiq hüquqi yardım təmin etməkdir. Bu məqsədlə, AMADA öz təşəbbüsü ilə ölkənin aparıcı hüquq şirkətləri ilə əməkdaşlığa başlamışdır.

Nəticədə, AMADA və “BM Morrison Partners” şirkəti arasında işləri dinləmə komitələri qarşısında qaldırılan idmançılar üçün pulsuz hüquqi yardımın təmin edilməsinə dair anlaşma memorandumu imzalanmışdır. Memoranduma hüquqi yardıma ehtiyacı olan idmançılara il ərzində müəyyən sayda pulsuz hüquq xidmətlərinin göstərilməsinə dair müddəa daxil edilmişdir.