AZENG
27 May 2021

AMADA gimnastlar üçün geniş təbliğat proqramı həyata keçirib

Azərbaycanın ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışı və bu gün start götürən 16-cı Dünya Çempionatı üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) xüsusi antidopinq maarifləndirici təbliğat proqramları həyata keçirib.

AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, COVID-19 pandemiyası ilə əlaqədar uzunmüddətli fasilədən sonra ilk kütləvi və genişmiqyaslı təbliğat proqramıdır.

18 ölkədən 202 gimnastın qatıldığı Dünya Yaş Qrupları Yarışında, habelə 22 ölkədən 171 idmançının iştirak etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında AMADA xüsusi antidopinq guşəsi yaradıb. Təbliğat proqramında idmançılarla təmiz idman dəyərləri, idmanda ədalət prinsipi və antidopinq nəzarətinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işi aparılıb.

Müxtəlif ölkələrdən olan gimnastlara antidopinqlə bağlı biliklərini artırmaq üçün müxtəlif əyani vəsaitlər, bukletlər, habelə AMADA tərəfindən hədiyyələr verilib.

Təbliğat proqramına böyük maraq göstərən gimnastlar hazırlanmış xüsusi guşəyə yaxınlaşaraq təşviqat vəsaitləri ilə tanış olublar və antidopinqlə bağlı əyləncəli viktorinaa qatılıblar. İdmançılar burada təşkil olunan fotosessiyada iştirak etməklə təmiz idmanın təşviqinə öz töhfələrini veriblər.