AZENG
28 İyun 2023

Birlikdə bərabərliyə doğru: Bakı dialoqu

Antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsi məqsədi ilə Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) növbəti iclası Bakıda keçirilib. “Birlikdə bərabərliyə doğru: Bakı dialoqu” adlı tədbirə AMADA-nın direktoru, GECA-nın rəhbəri Şəfəq Hüseynlinin sədrlik edib. İclasda Norveç, Danimarka, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, habelə Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi, UEFA, Avropa İttifaqının İdman Təşkilatı (EU Athletes) Avropa Şurasının katibliyinin nümayəndələri və gender bərabərliyi üzrə ekspertlər iştirak edib. İclasın gündəliyində, layihənin icra vəziyyəti, Test Sessiyası, Analitik Sessiya, İntizam məsələləri, Məxfilik Sessiyası, qanun və Konvensiyaların təhlili və digər məsələlər müzakirə olunub.

İclasda GECA-nın indiyədək olan fəaliyyəti, görülən işlər və qarşıdan gələn dövr üçün atılacaq addımlar haqqında danışan Şəfəq Hüseynli bildirib ki, “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin ilk iki mərhələsi uğurla yekunlaşdırlıb. Layihənin birinci mərhələsində Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığı ətraflı təhlil edilib. İkinci mərhələdə milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğuların keçirilib. Şəfəq Hüseynli bildirib ki, hazırda iclasın gündəliyindəki əsas məsələlərdən biri də indiyədək görülən işlər əsasında Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək tövsiyələrin əsas müddəalarının hazırlanmasıdır. Artıq layihənin üçüncü, yəni sonucu mərhələsinə start verilir və bu mərhələdə antidopinq sahəsində çalışan rəhbər şəxslərdə nəzərdə tutulub.

Komitənin fəaliyyət istiqamətləri haqqında da danışan Şəfəq Hüseynli bildirib ki, antidopinq qurumlarının idarəetmə və qərarverici orqanlarında qadınların iştirakının artırılması, antidopinq sahəsini tənzimləyən beynəlxalq və yerli qanunvericilikdə gender məsələsinin əks olunması və dopinq nəzarəti prosesində gender xüsusiyyətlərindən irəli gələn həssas məsələlərin nəzərə alınması əsas prioritetlərdir.

Qeyd edək ki, Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsi – GECA “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini dəstəkləmək və icra etmək məqsədi ilə yaradılıb. Bu barədə Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) ötən ilin noyabrında keçirilən 55-ci iclasında qərar verilib. Beynəlxalq səviyyədə böyük marağa səbəb olan və Avropa Şurası Nazirlər Komitəsini tərəfindən dəstəklən layihə CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib. Komitənin fəaliyyətinin və layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.