AZENG
01 Aprel 2020

AMADA-nın direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (WADA) struktur orqanının yeni üzvü seçildi

Martın 30-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli WADA-nın təhsil sahəsinin siyasi və strateji tənzimlənməsi üzrə Daimi Komitəsinin üzvü seçildi (WADA Education Standing Committee).

Bu ilin fevral ayında yekdil qərara əsasən, Şəfəq Hüseynlinin 12 nəfərdən ibarət olan Təhsil üzrə Daimi Komitənin üzvlüyünə namizədliyi WADA-nın prezidenti, baş direktoru və bu Komitənin sədri tərəfindən seçilərək  agentliyin rəhbər orqanına rəsmi təyinat üçün irəli sürülmüş, martın 30-da isə, səsvermə yolu ilə onun namizədliyi İcraiyyə Komitəsi tərəfindən təsdiqlənmişdir.

WADA-nın strukturuna əsas orqan olan və dopinqlə mübarizənin müxtəlif sahələri üzrə siyasi və strateji idarəçiliyi həyata keçirən cəmi 5 belə Daimi Komitə (Standing Committees) daxildir. Təhsil üzrə Daimi Komitə təhsil proqramları ilə bağlı ekspert məsləhətləri verməklə yanaşı, qısamüddətli strategiyalar və müvafiq fəaliyyət planlarına rəhbərlik edir, eləcə də,  antidopinq təhsilinin qlobal tənzimlənməsi ilə bağlı uzunmüddətli siyasəti idarə edir. Komitə, həmçinin WADA tərəfindən maliyyələşdirilən sosial elmi layihələr sahəsində aparılan araşdırmaların seçim prosesində iştirak edir.