AZENG
28 Dekabr 2019

AMADA-nın ilin yekunlarına dair mətbuat konfransında açıqlanan əsas məlumatlar

AMADA 2019-cu ildə milli səviyyədə 1350 test keçirib, 16 qayda pozuntusu aşkar edib

2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən milli səviyyədə 1350 dopinq testi keçirilib. Onlardan 549 test yarış müddətində, 801 test isə yarışdan kənar müddətdə götürülüb.  

Milli Test Proqramı çərçivəsində keçirilən testlərin sayı 2018-ci ildə 863, 2017-ci ildə isə 435 təşkil edib. Beləliklə, 2019-cu ildə AMADA tərəfindən keçirilən testlərin sayı əvvəlki illə müqayisədə 56,4%, 2017-ci illə müqayisədə isə 3,1 dəfə artıb. 

İlkin məlumatlara görə, AMADA 2019-cu ildə 16 antidopinq qayda pozuntusu aşkar edib. Qeyd etmək lazımdır ki, araşdırmalar davam edir və tam dəqiq rəqəm növbəti ilin ilk aylarında məlum olacaq.

Müqayisə üçün, 2018-ci ildə 27, 2017-ci ildə isə 22 antidopinq qayda pozuntusu aşkar edilib. 

Cari ildə aşkarlanan antidopinq qayda pozuntularından 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedə, 2-si güləşdə, 1-i atıcılıqda, 1-i samboda, 1-i cüdoda, 1-i yüngül atletikada qeydə alınıb. 

Antidopinq qayda pozuntularının növlərinə gəldikdə, 2019-cu ildə 13 pozuntu qeyri-əlverişli analiz nəticəsi, 2 pozuntu testdən imtina, 1 pozuntu isə dopinq nəzarəti prosesinə müdaxiləyə görə qeydə alınıb. Qeyri-əlverişli analiz nəticəsi göstərən 7 idmançının nümunələrində anabolik vasitələr, 3-ündə diuretiklər və gizlədici maddələr, 2-sində stimulyantlar, 1-ində isə qlükokortikoidlər aşkar edilib. 

2019-cu ildə 4 idmançıya məkan məlumatının təqdim edilməməsinə, 9 idmançıya isə buraxılmış testə görə xəbərdarlıq edilib. Üç xəbərdarlıqdan sonra antidopinq qayda pozuntusu qeydə alınır.  

Cari ildə Azərbaycan idmançılarının bioloji pasportlarının (bioloji məlumatlarını əks etdirən onlayn profillərinin) sayı 51-dən 80-ə çatdırılıb. 

Milli Test Proqramındakı testlərdən savayı 2019-cu ildə AMADA beynəlxalq federasiyaların sifarişi əsasında keçirdiyi testlərin sayını da artırıb. AMADA cari ildə 332, 2018-ci ildə 101, 2017-ci ildə isə 207 belə testin keçirilməsini təşkil edib.  

AMADA 2019-cu ildə beynəlxalq fəaliyyətini daha da gücləndirib

2019-cu ildə AMADA Beynəlxalq Test Agentliyi, Beynəlxalq Triatlon Birliyi, həmçinin Bolqariya və Moldovanın milli antidopinq qurumları ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. 

2019-cu ildə AMADA əməkdaşları beynəlxalq təşkilatlarda xüsusi yaradılmış komitələrə dəvət alıb, ekspert kimi cəlb edilib, bu qrupların fəaliyyətində iştirak edib. Artıq AMADA Ümumdünya Antidopinq Agentliyinin öz faəliyyətində belə iştirak etməyə başlayıb. 

2019-cu ildə AMADA-nın direktoru Şəfəq Hüseynli ÜADA-nın milli antidopinq təşkilatları üzrə işçi qrupuna ekspert qismində üzv seçilib. Qrupun məqsədi ÜADA-ya milli antidopinq təşkilatlarının inkişafı barədə tövsiyələr vermək və rəy bildirməkdir. 

Həmçinin Ş.Hüseynli cari ildə Minskdə keçirilən 2-ci Avropa Oyunlarının antidopinq proqramının monitorinqini aparan ÜADA-nın Müstəqil Müşahidə Qrupuna eksperti kimi cəlb edilib.

Ş.Hüseynli bu ildə Avropa Şurasında idmançıların hüquqlarının qorunması üzrə xüsusi yaradılmış komitənin sədr müavini təyin edilib. 

Həmçinin bu il Ş.Hüseynli Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib və Avropa Şurasının ÜADA ilə iş üzrə xüsusi komitəsinin (CAHAMA) işində gender bərabərliyi prinsiplərinin tətbiq edilməsi üzərində işləyir.

Ş.Hüseynli bu il Avopa Şurasının Monitorinq Qrupunun ekspert üzvü qismində digər bir ölkənin Antidopinq Konvensiyasına uyğunuluğunu qiymətləndirmək məqsədilə yoxlamada iştirak edib.   

Əlavə olaraq, AMADA-nın hüquqşünası Avropa Şurasının antidopinq sahəsində məlumat verən şəxslərin qorunması üzrə xüsusi işçi qrupunun və hüquqi işlər üzrə məsləhətçi qrupunun ekspert üzvü seçilib.

2019-cu ildə ildə dopinqlə mübarizə sahəsində təhsil və təlim proqramı genişləndirilib

AMADA antidopinq sahəsində maarifləndirmə və təhsil proqramlarını inkişaf etdirmək, və bununla bağlı idmançılarla fikir mübadiləsi aparmaq məqsədilə 2019-cu ildə İdmançılar Komissiyasını yaradır.

Komissiyanın missiyası AMADA-ya müəyyən mövzular üzrə tövsiyələr verməkdən ibarət olacaq.

Komissiya ümumilikdə 12 idmançıdan ibarət olacaq. Komissiya il ərzində 4 görüş keçirəcək. Lazım gəldiyi halda növəbədən kənar görüşlər də keçirilə bilər. Hər görüşdən sonra Komissiyanın sədri tərəfindən AMADA-ya hesabat təqdim ediləcək.

2019-cu ildə dopinqlə mübarizə sahəsində 100-dən çox maarifləndirici tədbir keçirilib. 30 antidopinq seminarında 884 idmançı iştirak edib. 

Həmçinin AMADA 2019-cu ildə “iQuiz” antidopinq maarifləndirmə cihazını təqdim edib. “iQuiz” görmə imkanları məhdud olan idmançılar üçün dünyada ilk audio əsaslı cihazdır.