AZENG
12 May 2020

AMADA jurnalistlər üçün vebinar keçirdi

İdman qurumlarının və təhsil institutlarının müvəqqəti bağlanması ilə əlaqədar, idmançılar, məşqçilər və media heyəti üzvlərinin bu dövrdən faydalı yararlanması üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) xüsusi onlayn təhsil və maarifləndirmə proqramını həyata keçirir.

Sosial izolyasiya tədbirlərinin ilk günlərindən başlayan və iyun ayının sonunadək davam edəcək bu proqram antidopinq fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı pandemiya dövründə idmançılar və media üzvlərini ən çox maraqlandıran suallara interaktiv formada cavab vermək imkanı yaradır.  Proqram vebinar, sual-cavab oyunları və qoyulmuş mövzu ətrafında müzakirələr formatında keçirilir.

Proqram 12 May tarixində Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə birlikdə “Dopinqlə mübarizə” mövzusunda jurnalistlər üçün keçirilən vebinarla davam etdirilmişdir.   Media üzvləri, idmançılar, məşqçilər və adi istifadəçilər üçün açıq keçirilən vebinar zamanı аntidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq mühafizə orqanları ilə əməkdaşlıq, Respublika idman federasiyaların öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və ÜADA tərəfindən qərarların yoxlanılması, eləcə də, Ümumdünya Antidopinq Məcəlləsi, ölkələrə tələbləri və digər vacib mövzular müzakirə olunmuşdur. 

Antidopinq mövzusunda biliklərinizi artırmaq və sizi maraqlandıran suallar barədə müzakirə aparmaq üçün növbəti günlərdə AMADA tərəfindən təqdim olunacaq vebinarlarda iştirak etməyə dəvətlisiniz.  Növbəti vebinar aşağıdakı mövzuları əhatə edəcək:

2020-ci il Qadağan edilmiş maddələr və üsulların siyahısı - 25 May

Qeyd edək ki, vebinarlar barədə AMADA-nın  Facebook və İnstagram səhifələrində əvvəlcədən elan olunur. Bütün vebinarlar Azərbaycan dilində “Microsoft Teams” platforması üzərində keçirilir.