AZENG
24 İyul 2019

AMADA əməkdaşları ADBTİA tələbələri üçün mühazirə kursu keçirib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) magistratura tələbələri üçün “Dopinq nəzarəti” modulu üzrə mühazirə kursu oxuyub.

“İdman təbabəti və reabilitasiya” ingilisdilli magistratura proqramının tələbələri üçün dərslər 2019-cu ilin birinci yarısında keçirilib.

AMADA əməkdaşları dopinq nəzarəti prosedurları, antidopinq qayda pozuntuları, sanksiyaların tədbiqi, qadağan edilmiş maddələrin siyahısı, idmançıların hüquqları və vəzifələri və digər mövzuları haqqında danışıblar.

Mühazirələr AMADA-nın direktoru Şəfəq Hüseynli, Müşahidə Şurasının üzvü Fərid Mədətli, təhlil üzrə meneceri Emil Hacıyev və hüquqşünası Fərhad Abasov tərrəfindən keçirilib.

“Ölkədə antidopinq sahəsində vəziyyət məşqçilərin və idmançının dəstək heyətinin dopinqə qarşı münasibətindən asılıdır. Şübhəsiz ki, məşqçilər, həkimlər və fizioterapevtlər daxil olmaqla idmançını əhatə edən şəxslər onun qərarlarına böyük təsir göstərirlər. Onlar həmçinin idmançıların dopinqə nəzarət prosesinə hazırlanmasında və idmançıların təmiz idmana münasibətinin formalaşmasında öz rollarından xəbərdar olmalıdırlar“ - Ş.Hüseynli kursun son mühazirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Antidopinq Agentliyi bədən tərbiyəsi və idman sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsində maraqlıdır və ölkədə bu istiqamətdə görülən işlərə dəstəyini davam etdirməyə hazırdır.

AMADA “Dopinq nəzarəti” modulu üzrə işi növbəti tədris ilində də davam etdirəcək.