AZENG
18 Aprel 2022

AMADA "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) aprelin 18-də "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru" adlı tədbir keçirib. İdmanda ədalət prinsipinin qorunması və təbliğinə həsr olunmuş tədbirdə məşhur idmançılar və idman mətbuatının nümayəndələri iştirak edib. Çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Azərbaycan dövləti hər bir sahədə olduğu kimi, idmanda da ədalət prinsipinə sadiqdir və onu qorumağa çalışır. Azərbaycan hər zaman ədalətin yanındadır və ədalətli bərqərar edir. 44 günlük Vətən müharibəsi bunun ən bariz nümunəsidir. AMADA-nın direktoru bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi idmanda da ədalət prinsipinin qorunmasına ölkəmizin beynəlxalq aləmdə ləyaqətlə təmsil olunmasına böyük əhəmiyyət verir. Məhz Dövlət başçısının fikirlərini rəhbər tutaraq AMADA idmanda ədalət prinsipinin daha geniş şəkildə təbliğ etmək üçün müəyyən tədbirlər həyata keçirir. 2022-ci ilin Şuşa ili elan olunduğunu da nəzərə alaraq bu şəhərdə “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı bir layihə reallaşdırılıb. Həmin layihə əsasında isə eyni adlı videoçarx hazırlanıb. Tədbirdə videoçarxın təqdimatı da olub.

Ş, Hüseynli Şuşa səfərinin baş tutması və yaradılan şəraitə görə dövlətimizə xüsusi ilə də, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və orada fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirib.

Daha sonra isə ədalətli idmanın və təmiz idman dəyərlərinin qorunmasında idmançıların və medianın rolu mövzusunda müzakirələr aparılıb. Çıxış edən idmançılar və media nümayəndələri AMADA-nın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirmiş və “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” layihəsinə dəstəklərini ifadə etmişlər. Ədalətli idmanın təbliğinin vacibliyi vurğulanmış, bu istiqamətdə məşhur idmançıların və medianın rolunun artırılması ilə bağlı təkliflər irəli sürülmüşdür.