AZENG
23 Fevral 2024

Qubada "Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib

Qubada Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə "Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, qurumun İdmançı Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və dünya, Avropa çempionatlarının mükafatçısı taekvondoçu Fəridə Əzizova konfransın əhəmiyyətindən, təmiz idmanın vacibliyindən və ölkəmizdə həyata keçirilən uğurlu antidopinq siyasətindən danışıblar.

Beynəlxalq səviyyəli idmançıların iştirak etdiyi tədbirin sessiyalarında Kent Universitetinin İdman və Bədən Tərbiyəsi üzrə professoru Con Dikinson, Liverpul Con Murs Universitetinin idman nutrisioloqu, fəlsəfə doktoru Ceymi Pyu, London Kral Kollecinin İdman və Əzələ-skelet Sistemi Fizioterapiyası üzrə fəlsəfə doktoru, idman və idman tibbi üzrə fəxri müəllim Paulina Kloskovska, Arizona Dövlət Universitetinin nəzdində “Athleat Field Lab”ın direktoru Floris Vordenaar, Ümumdünya Antidopinq Agentliyinin İdmançıların hüquqları üzrə müstəqil baş eksperti Snejana Samardjiç-Markoviç və Beynəlxalq Bodibildinq Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Şıxəliyev təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi mövzusunda məruzə ilə çıxış edilər.

Qeyd edək ki, fevralın 21-də Bakıda təşkil olunan ilk elmi-praktik konfransda idmançı köməkçi heyəti iştirak edib.