AZENG
23 Oktyabr 2023

Azərbaycan Milli Antidopinq Agentliyinə icraçı direktor təyin olunan Təhminə Tağı-zadə kollektivə təqdim olunub

Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) icraçı direktor təyin olunan Təhminə Tağı-zadə oktyabrın 23-də kollektivə təqdim olunub.

Tədbirdə Agentliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Nigar Arpadarai, üzvlər və kollektivin əməkdaşları iştirak ediblər.Nigar Arpadarai çıxış edərək Azərbaycanda idman göstərilən dövlət qayğısından, dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə yönəltdiyi diqqətdən danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.AMADA-nın fəaliyyətinin əsas istiqamətinin idmanda şəffaflığın təmin olunmasından, idmançıların hüquqlarının qorunmasından ibarət olduğunu vurğulayan Nigar Arpadarai Agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, qurumun ölkə idmanına yeni töhfələr verəcəyinə əminliyini ifadə edib. Sonra Təhminə Tağı-zadə kollektivə təqdim olunub. Yüksək etimada görə təşəkkürünü bildirən Təhminə Tağı-zadə birgə əməkdaşlığın Azərbaycanda təmiz idman dəyərlərinin, ədalətli idman ruhunun inkişafına təkan verəcəyinə inandığını diqqətə çatdırıb.
AMADA-nın icraçı direktoru ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib. Agentliyin Nizamnaməsinə əsasən, Təhminə Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.

Azərbaycan Milli Antidopinq Agentliyinin yeni icraçı direktoru Təhminə Tağı-zadə, səhiyyə və qidalanma üzrə layihələr, səhiyyə idarəetməsi, dövlət qurumları ilə fövqəladə halın aradan qaldırılması və koordinasiyası, universitetlərdə, BMT, özəl və QHT sektorunda 20 ildən çox iş təcrübəsinə malik Təhminə Tağı-zadə ümumi torakal, hərbi-səhra cərrahiyyəsi və digər kliniki təcrübəyə malikdir.
Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Tibb Korpusu, Asiya İnkişaf Bankı da daxil olmaqla, bir çox nüfuzlu beynəlxalq təşkilatlarda, eləcə də yerli hökumət qurumlarında müxtəlif yüksək vəzifələrdə çalışmış, Çad və İndoneziyada beynəlxalq humanitar layihə çərçivəsində Tibbi Direktor olmuş, 30-dan çox elmi məqalənin, 15 strateji sənəd və təhsil standartların müəllifidir. HOPE, İPSAS, BSITF və s. kimi çoxsaylı beynəlxalq sertifikatlara malikdir və Azərbaycan Cərrahlar Assosiasiyası və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının fəal üzvüdür.
Təhminə Tağı-zadə Birləşmiş Krallığın qabaqcıl universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində yeni bakalavr, magistr və biznesin idarəedilməsi dərəcələrinin, o cümlədən Fizioterapiya, İdman Tibb və Reabilitasiya sahəsində Dövlət Təhsil Standartlarının yaradılmasında geniş təcrübəyə malikdir. Son olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor vəzifəsində çalışıb.