AZENG
01 İyul 2023

ÜADA-nın prezidenti Vitold Banka ilə görüş

Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib. ÜADA-nın Polşanın Varşava şəhərindəki prezident ofisində keçirilən görüşdə Ş. Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin (GECA) gördüyü işlər və antidopinq sahəsində gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub. Şəfəq Hüseynli GECA-nın bakıda keçirilən son iclası və müəllifi olduğu gender bərabərliyinin təmin edilməsi üzrə layihənin icrası ilə bağlı ÜADA-nın prezidentinə ətraflı məlumat verib.

ÜADA-nın prezidenti Vitold Banka antidopinq hərəkatında gender bərabərliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu istiqamətdə görülən işlər ÜADA tərəfindən xüsusi diqqətdə saxlanılır. Vitold Banka bildirib ki, ÜADA Şəfəq Hüseynlinin rəhbərlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin fəaliyyətini, o cümlədən də gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəni dəstəkləyir.

 

Gürüş zamanı Eyni zamanda tərəflər antidopinq sahəsində beynəlxalq irəliləyişləri müzakirə edib. AMADA-nın direktoru Şəfəq Hüseynli ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin tətbiqi ilə bağlı layihələr barədə ətraflı məlumat verib.

ÜADA-nın prezidenti qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə dopinqlə mübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA ÜADA-nın etibarlı tərəfdaşlarından biridir.