AZENG
08 Avqust 2019

AMADA və Technofusion idmançıların blokçeyn əsaslı reyestrini yaradırlar

AMADA və yerli Technofusion İT şirkəti blokçeyn texnologiyası əsasında ölkə idmançılarının vahid reyestrinin hazırlanması üzərində işləyirlər.

Layihə çərçivəsində hər bir idmançının “rəqəmsal oxşarı” yaradılacaq. Blokçeyn əsaslı reyestrdə yalnız idmançılar haqqında yox, həm də onların məşqçi və həkimləri haqqında da məlumatlar saxlanılacaq. AMADA və Technofusion reyestri 2020-ci ilin əvvəlindən işə salmağı planlaşdırırlar.

“Blokçeyn texnologiyasından istifadə idmançılar haqqında məlumatların itirilməsi və ya saxtalaşdırılması risklərinin qarşısını alır. Blokçeyn əsasında işləyən məlumat bazasında hansısa bloku silib və ya dəyişmək mümkün deyil. İdmançının bütün şəxsi məlumatları ən güclü kriptoqrafik alqoritmlərlə qorunacaq. Bu, antidopinq dünyasını daha şəffaf və dürüst edəcək”, - AMADA-nın direktoru Şəfəq Hüseynli deyib.

Onun sözlərinə görə, bu cür reyestrin yaradılması üçün blokçeyn texnologiyasından istifadə AMADA tərəfindən antidopinq dünyasına təklif edilən növbəti yenilikdir.

“Blokçeynin əsas xüsusiyyətlərinə mərkəzsizləşdirmə, şəffaflıq, nəzəri qeyri-məhdudluq, etibarlılıq aiddir. Ənənəvi məlumat saxlama sistemləri belə üstün cəhədlərə malik deyillər. Bu, blokçeynin xeyrinə seçim etməyimizə səbəb olub. Bu layihə blokçeyn texnologiyasının kamilliyini real həyatda qiymətləndirməyə imkan verəcək”, - Technofusion şirkətində Data Science istiqamətinin rəfbəri Aleksandr Kuklin bildirib.

O qeyd edib ki, AMADA ilə birgə layihə Azərbaycan üçün unikaldır, çünki ilk dəfədir ki, yerli şirkət belə innovativ bir məhsul hazırlayacaq.

“Bu ana qədər Azərbaycan bazarında blokçeyn əsasında pilot layihələr yalnız iri xarici vendorlar tərəfindən həyata keçirilib”, - A.Kuklin deyib.

2016-cı ildə qurulan Technofusion şirkəti ənənəvi İT infrastrukturu layihələri ilə yanaşı blokçeynlə bağlı həllər, biznes təhlili və digər məsələlərlə məşğul olur. Ən çox tələb olunan və innovativ texnologiyaları təklif edən şirkət kifayət qədər şaxələndirilmiş sifarişçi portfelinə malikdir.