AZENG
29 Dekabr 2017

DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

29 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində Azərbaycan Milli Antidopinq Agentliyi heyəti ilə görüş keçirilib. Görüşdə ölkə ərazisində dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısını almaq məsələləri müzakirə edilib. Qeyd edilib ki, təmiz idmana ciddi ziyan vuran güclü təsir edən maddələrin idmançılar arasında istifadə edilməsinin qarşısını almaq məqsədilə iki qurum arasında sıx əməkdaşlıq həyata keçiriləcək. Bu əməkdaşlığın antidopinq siyasətinin gücləndirilməsi üçün mühüm rol oynaması bildirilmişdir.

Dopinqlə mübarizə çərçivəsində antidopinq qaydalarına əsasən araşdırmalar üzrə idmançılar və idmançılara dəstək heyəti barədə onların ölkəyə giriş-çıxışı və digər məlumatların, həmçinin, güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslər barədə məlumat mübadiləsinin aparılması razılaşdırılmışdır.

Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli arasında əməkdaşlıq memorandumu imzalanmışdır.