AZENG

HÜQUQ

Qanunvericilik

Azərbaycan Respublikasında antidopinq sisteminin hüquqi əsaslarını “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” 29 noyabr 2016-cı il tarixli Qanun və həmin Qanunun tətbiqi barədə 14 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı təşkil edir.

Öz funksiyalarının həyata keçirilməsi məqsədilə AMADA yerli qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Qanuna uyğun olaraq, milli antidopinq qurumu milli antidopinq proqramını hazırlayır, əlaqələndirir, ona nəzarət edir və öz yurisdiksiyası çərçivəsində bütün potensial antidopinq qayda pozuntularını təqib edir. AMADA, Dopinq Nəzarətinin bütün aspektlərini həyata keçirməyə məsul qurumdur. Bundan əlavə, AMADA-nın səlahiyyətlərinə hər bir dopinq hadisəsində idmançıya köməkçi heyətinin üzvlərinin və ya digər şəxslərin iştirakının araşdırılması da daxil olmaqla bütün potensial antidopinq qayda pozuntularını təqib etmək, sanskiyaların lazımi icrasını təmin etmək, Beynəlxalq Təhsil Standartının tələblərinə uyğun antidopinq təhsili planlaşdırmaq, həyata keçirmək, təşviq etmək, habelə onlardan irəli gələn digər tapşırıq və vəzifələri həyata keçirmək də daxildir.

ÜMUMDÜNYA ANTİDOPİNQ PROQRAMI

Ümumdünya Antidopinq Məcəlləsi

Ümumdünya Antidopinq Proqramı dopinqdən azad idmanı və antidopinq sahəsində idmançıların hüquqlarının qorunmasını təşviq edərək dürüst idmana töhvə verir. O, beynəlxalq və milli antidopinq proqramlarında ən yaxşı təcrübələri və harmonizasiyanın təmin olunması üçün vacib olan bütün elemetləri əhatə edir. Ümumdünya Antidopinq Məcəlləsi (Məcəllə) idmanda Ümumdünya Antidopinq Proqramının əsaslandığı fundamental və universal sənəddir. Məcəllənin məqsədi əsas antidopinq elementlərinin harmonizasiyası yolu ilə antidopinq səylərini təşviq etməkdir.

Beynəlxalq Standartlar və Texniki Sənədlər

Antidopinq proqramının fərqli texniki və əməliyyat sahələrini əhatə edən səkkiz Beynəlxalq Standart Məcəlləni imzalayan tərəflər və dövlətlər ilə məsləhətləşmələr nəticəsində hazırlanmışdır və WADA tərəfindən təsdiq edilmişdir. Məqsəd antidopinq proqramlarının konkret texniki və əməliyyat hissələrinə cavabdeh olan antidopinq təşkilatları arasında uyğunluğu və ahəngliyi təmin etməkdir.

Beynəlxalq Standartların həyata keçirilməsi üçün məcburi texniki tələblər ilə əlaqədar Texniki Sənədlər müntəzəm olaraq WADA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənir və dərc olunur.