Dinləmədən öncəki mərhələ aşağıdakı pillələri ehtiva edir: ilkin yoxlama, bildiriş, sanksiya bildirişi məktubu. Qeyri-əlverişli analiz nəticələri laboratoriya tərəfindən AMADA-ya təqdim edilir. Qeyri-əlverişli analiz nəticələri AMADA tərəfindən əldə edildikdə, idmançını məlumatlandırmadan öncə ilkin yoxlama aparır. İlkin yoxlama tamamlandıqdan sonra AMADA bu barədə dərhal bildiriş məktubu göndərərək idmançını xəbərdar edəcəkdir. AMADA idmançı və ya digər şəxsin mümkün antidopinq qayda pozuntusu ilə bağlı izahatlarını aldıqdan və ya belə izahatın alınması üçün müddət bitdikdən sonra antidopinq qayda pozuntusunun baş verməsi üzrə qərarını dəyişmirsə, idmançı və ya digər şəxsə sanksiya bildirişi məktubu göndərərək antidopinq qayda pozuntusuna görə idmançı və ya digər şəxsə qarşı tətbiq olunacaq sanksiya barədə məlumat verir.
Antidopinq qayda pozuntusu barədə izah vermək üçün bura klikləyin
İdmançı və ya digər şəxs AMADA tərəfindən antidopinq qayda pozuntusu törətməkdə iddia olunduqda və bu halda həmin şəxs antidopinq qayda pozuntusunu və ya sanksiyanı qəbul etməyib mübahisələndirdikdə, AMADA mübahisəni, antidopinq qayda pozuntusuna yol verilib-verilməməsini və yol verildiyi təqdirdə uyğun və müvafiq sanksiyanı müəyyən etmək səlahiyyətinə malik dinləmə qrupuna təqdim edir. Dinləmə baş tutduqda, idmançı və ya digər şəxs, iddiaları əsaslandırmaq üçün AMADA-nın təqdim etdiyi dəlillər də daxil olmaqla nə ilə iddia olunduqlarını dəqiq biləcəkdir. Mübahisələr ədalətli, bitərəf və əməliyyat müstəqilliyinə malik olan dinləmə qrupu tərəfindən ağlabatan müddət ərzində həll edilir.
İntizam Komitəsi, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmışdır və Azərbaycan Milli Antidopinq Qaydalarının yurisdiksiyasına tabe olan idmançı və ya digər şəxsi dinləmək və idmançı və ya digər şəxs tərəfindən antidopinq qayda pozuntusunun törədilib-törədilməməsini müəyyən etmək və tətbiq etdiyi halda, müvafiq sanksiyaları tətbiq etmək səlahiyyətinə malikdir. İntizam Komitəsi, AMADA və digər üçüncü şəxslər tərəfindən müdaxilə olmadan dinləmə keçirmək və qərar qəbul etmək səlahiyyətinə malik olmalıdır.
Dinləmə tələb etmək üçün bura klikləyin
Apellyasiya şikayəti verən tərəf tam yazılı qərarı əldə etdikdən sonra 21 gün ərzində “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təsis edilmiş Apellyasiya Komitəsinə AMADA və ya İntizam Komitəsinin qərarından şikayət verə bilər. Apellyasiya şikayəti, Nəticələrin emalı üzrə beynəlxalq standarta uyğun həyata keçirilməlidir. Apellyasiya Komitəsi, AMADA və digər üçüncü şəxslər tərəfindən müdaxilə olmadan dinləmə keçirmək və qərar qəbul etmək səlahiyyətinə malik olmalıdır.
Apellyasiya şikayəti vermək üçün bura klikləyin
Apellyasiya şikayəti appeal@komiteler.az elektron poçt ünvanına da göndərilə bilər.
1984-cü ildə təsis edilən İdman Arbitraj Məhkəməsi (İAM) idmanla əlaqəli mübahisələrin arbitraj və ya mediasiya yolu ilə idman dünyasının spesifik ehtiyaclarına uyğunlaşdırılmış prosessual qaydalarla həll olunmasını təmin etmək üçün fəaliyyət göstərən və hər hansı bir idman təşkilatından müstəqil bir qurumdur.
Beynəlxalq səviyyəli idmançılara, milli səviyyəli idmançılara və digər şəxslərə qarşı irəli sürülmüş antidopinq qayda pozuntusu iddiası ilə əlaqədar mübahisələrə idmançının və ya digər şəxsin, AMADA-nın və WADA-nın razılığı əsasında birbaşa İAM-da tək dinləmə ilə baxıla bilər.
Beynəlxalq səviyyəli idmançılar və ya beynəlxalq tədbirlərlə bağlı apellyasiyalar ilə bağlı aşağıdakı tərəflərin İAM-a apellyasiya şikayəti vermək hüququ var: (a) apellyasiya şikayəti verilən qərarın aid olduğu idmançı və ya digər şəxs; (b) qərar verilmiş mübahisənin digər tərəfi; (c) müvafiq Beynəlxalq Federasiya; (d) AMADA və (fərqli olduqda) şəxsin resident ölkəsinin, vətəndaşı və ya lisenziya sahibi olduğu ölkələrin Milli Antidopinq Təşkilatı; (e) Olimpiya və ya Paralimpiya Oyunlarında iştirak hüququna təsir edən qərarlar daxil olmaqla, Olimpiya və ya Paralimpiya Oyunlarına münasibətdə təsiri ola bilən qərarla bağlı, müvafiq olaraq Beynəlxalq Olimpiya Komitəsi və ya Beynəlxalq Paralimpiya Komitəsi; və (f) WADA.
WADA, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq Beynəlxalq Federasiya həmçinin Apellyasiya Komitəsinin qərarları ilə bağlı İAM-a apellyasiya qaydasında şikayət vermək hüququna malikdirlər.