Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İdman COP29-un kölgəsində - Dayanıqlı hərəkat üçün “Fit” həllər” mövzusunda panel müzakirəsində iştirak edib.
COP29-un Yaşıl Zonadakı Gənclər Evində keçirilən müzakirəyə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibi Nasser Ayman Majali və “Real Betis” fondunun baş meneceri Rafael Muela Pastor da qatılıblar.
Elnur Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə antidopinq təşəbbüslərinin idmanda ətraf mühitin davamlılıq məqsədləri ilə necə uyğunlaşması barədə geniş məruzə ilə çıxış edib.
Tədbir zamanı Mavi Planet Alyansının qlobal səfiri Zek Lubin və “SECOTO International Green” şirkətinin təsisçisi və baş icraçı direktoru Patiens Şumbuşo iqlim mövzusunda təşəbbüslərlə çıxış ediblər.
Panel müzakirəsində idmanın ekoloji təmiz təcrübələrə inteqrasiyası və davamlılığın təşviq olunması barədə fikir mübadiləsi aparılıb. Maraqlı tərəfləri bir araya gətirən tədbir idman və ətraf mühit arasında əməkdaşlığın təşviq olunması məqsədini daşıyıb. Həmçinin sessiya yaşıl tədbir idarəçiliyi, idmançılar tərəfindən aparılan təşəbbüslər və idmanın qlobal iqlim məqsədlərinə fəal şəkildə töhfə verə biləcəyinə dair tövsiyələr təqdim olunub.
Tədbirin məqsədi COP29-un məqsədlərinə uyğun olaraq idmanın dayanıqlı təcrübələrin təbliğatındakı əhəmiyyəti və iqlim fəaliyyətinə göstərilə biləcək dəstəyin gələcək təşəbbüslər üçün vacibliyini vurğulamaq olub.