Təmiz idman şüarı altında idmançıları bir araya toplayan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) antidopinq maarifləndirmə təbliğatını mütəmadi olaraq davam etdirir. 2024-cü ilin idman paytaxtı seçilən Quba şəhərində keçirilən üçüncü idman festivalı çərçivəsində AMADA tərəfindən iştirakçılar üçün maarifləndirmə seminarı təşkil olunub.
AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verib.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar yeniyetmə idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən festivala 23 idman növü üzrə 13-15 yaşlı 100 idmançı və 34 məşqçi qatılıb. Festivalda Türkiyə və Mərakeşdən olan idmançılar da iştirak edirlər.
Qeyd edək ki, bu sayca üçüncü idman festivalıdır. İlk festival 2022-ci ildə Şəkidə, ötən il isə Qubada təşkil edilib.