AZENG
06 May 2025

AMADA “Prezident Kuboku–2025”in Mingəçevir mərhələsində də təmiz idman təbliğatını davam etdirib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) antidopinq maarifləndirmə təbliğatı çərçivəsində növbəti dayanacağı Mingəçevir şəhəri olub. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku–2025” beynəlxalq reqatasının Mingəçevir mərhələsində təşkil olunan antidopinq təbliğat proqramı maraqla qarşılanıb.

Tədbirin əsas məqsədi idmançılar və idman ictimaiyyəti arasında dopinqin zərərləri haqqında məlumatlılığın artırılması, sağlam və ədalətli idman mühitinin təşviq edilməsi olub. Tədbir zamanı dopinq vasitələrinin insan sağlamlığına vurduğu ciddi zərərlər, həmçinin bu maddələrin qısa və uzunmüddətli fəsadları ətraflı izah edilib. İştirakçılara, xüsusilə gənc idmançılara qadağan edilmiş maddələrin siyahısı və bu siyahıya daxil olan maddələrin təsir mexanizmləri haqqında məlumat verilib.

Maarifləndirmə proqramında sağlam həyat tərzinin vacibliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, idman yalnız fiziki güc deyil, eyni zamanda etik və mənəvi dəyərlər üzərində qurulmalıdır. Dopinq vasitələrindən istifadə edən idmançılar yalnız sağlamlıqlarına deyil, həm də karyeralarına, nüfuzlarına və komandalarına ciddi zərər vururlar. Tədbir zamanı narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı təhlükələr və onların dopinqlə oxşar fəsadlar doğurduğu da diqqətə çatdırılıb.

Proqram çərçivəsində iştirakçılar üçün sorğular da təşkil olunub. Sorğular vasitəsilə iştirakçılar antidopinq qaydaları ilə bağlı biliklərini sınayıb və düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim edilib. 

Sonda iştirakçılara antidopinq qaydaları, hüquq və öhdəliklər, həmçinin dopinqin zərərləri və dopinq nəzarəti prosesi barədə broşürlər paylanılıb. Proqram iştirakçılar tərəfindən yüksək dəyərləndirilib və belə maarifləndirici proqramların davamlı olaraq keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

// JavaScript to handle gallery functionality