Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya və Paralimpiya oyunları zamanı idmançılarımızın hüquqlarını qorumaq və məlumatlılığı əlçatan etmək üçün artıq innovativ yanaşmalar tətbiq edir. AMADA Parisdə yarışacaq idmançılar və idmançının köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb.
Olimpiya və Paralimpiya komandalarımızın üzvləri Agentliyin “Telegram” kanalı vasitəsilə dopinq nəzarəti prosesi, Qadağan edilmiş siyahı, Terapevtik İstifadə üçün İstisna (Tİİ) və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Həmçinin yeni fəaliyyətə başlayan paris2024.amada.az saytına daxil olaraq, axtardıqları bütün suallara cavab tapacaqlar. Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
İdmançılar və idmançı köməkçi heyəti AMADA-nın +99450-218-82-06 nömrəsi vasitəsilə əlaqə saxlayaraq, habelə “Whatsapp” üzərindən dopinq nəzarəti ilə bağlı bütün suallarına operativ və dolğun şəkildə cavab tapa biləcəklər.
Həmçinin AMADA tərəfindən “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün Olimpiadanın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Həmin videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə həyata keçirilən layihələrin təmiz idman dəyərlərinə hesablanmış növbəti addım olduğunu bildirib. Qeyd edib ki, agentlik olaraq idmançıların hüquqlarının qorunması və təmiz qələbələr ilə xalqımızı sevindirməsi AMADA üçün prioritet təşkil edir. Dördilliyin zirvə yarışı zamanı əməkdaşlarımız hər bir müraciətə böyük diqqətlə yanaşacaq, idmançılarımızın üzləşə biləcəyi hər hansı antidopinq problemi ilə bağlı öz məsləhətlərini əsirgəməyəcəklər.
Həyata keçirilən innovativ yanaşmaların başlıca məqsədinin Olimpiya və Paralimpiya komandalarımızın dəstəklənməsi olduğunu bildirən AMADA rəsmisi antidopinq sahəsində məlumatlandırmanın əlçatan olması və təmiz idman mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.