AZENG
23 Oktyabr 2024

AMADA "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində qonaq qismində təmsil olunub

AR Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Füzuli və Mingəçevirdə keçirilən “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəsmi qonaq qismində təmsil olunub.

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin rəsmi açılış mərasimi baş tutub. Turnirin birinci və sonuncu günləri Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Tədbirə AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev də qatılıb. 

Reqatanın yekun nəticələrinə əsasən, 6 qızıl, 9 gümüş, 9 bürünc medalla Azərbaycan komandası həm akademik, həm də kayak və kanoe növlərində ən yaxşı nəticə göstərməklə ümumi komanda hesabında birinci olub və kubokla təltif edilib.

"Mingəçevir Reqatası-2024" yalnız idman mübarizəsi deyil, həm də dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən bir platforma oldu. Bu cür beynəlxalq tədbirlər idmançılar arasında sağlam rəqabətin gücləndirilməsi və təmiz idmanın təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin idmançıların ədalətli idman prinsiplərinə sadiq qalmaları və ölkəmizin idman imicinin qorunmasına öz töhfələrini verməsi sevindirici haldır. AMADA gələcəkdə də bu cür beynəlxalq tədbirlərdə təmiz idmanın təşviqinə öz töhfəsini verməyə davam edəcək”, - deyə R.Efendiyev vurğulayıb. 

Turnirə Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistan da daxil olmaqla, 12 ölkədən 100-dən çox idmançı qatılıb.

// JavaScript to handle gallery functionality