Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib. “Təmiz suda avar çək!” devizi altında keçirilmiş tədbir 17 Noyabr – Milli Dirçəliş Günündə Dənizkənarı Bulvarda, “Bakı” Avarçəkmə və Kanoe İdman Klubunun yerləşdiyi ərazidə baş tutub.
Tədbirin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, AKAF-ın prezidenti Vüqar Əhmədov, Dünya Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan-Kristof Rollan, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP29-la əlaqədar Azərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib.
Ekoloji layihələrin qiymətləndirilməsi mövzusunda təqdimatlar həyata keçirildikdən sonra Çinin Şanxay şəhərindən gəlmiş məktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması və iqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Açılış mərasimindən sonra AKAF ilə Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatı arasında memorandum imzalanıb.
Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlif avarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakı ilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında FISA-nın prezidenti, “Sidney-2000” Yay Olimpiya Oyunlarının qalibi Jan-Kristof Rollan da olub.
Qeyd edək ki, “Təmiz suda avar çək!” yürüşünün keçirilməsində əsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir. “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.