Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 12 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov dəyirmi masanın əhəmiyyətini vurğulayaraq bildirib ki, qadağan olunmuş maddələrlə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi mövcud çağırışlar fonunda xüsusi önəm daşıyır. Tədbirin Dövlət Proqramı çərçivəsində keçirilməsi dövlət qurumları, hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlar arasında koordinasiya və məlumat mübadiləsinin daha da gücləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.Antidopinq sahəsində səmərəli əməkdaşlıq idmanda ədalət prinsipinin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə dəyirmi masanın ölkəmizdə antidopinq sisteminin dayanıqlılığının və effektivliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib. Vurğulayıb ki, Dövlət Proqramından irəli gələn məsələlər dövlət qurumları, hüquq-mühafizə strukturları və beynəlxalq antidopinq təsisatları arasında əməkdaşlığın yeni mərhələyə daşınması baxımından böyük əhəmiyyət kəsb edir.AMADA məlumat və təhqiqat mübadiləsinin genişləndirilməsi, risklərin proaktiv idarə edilməsi, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.