İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq təhsili üzrə tədbiri keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov və AFFA-nın həkimi Olcay Bayramov təmsil ediblər.
Ümumdünya Antidopinq Agentliyi (WADA), Avropa Şurası, Milli Antidopinq Təşkilatları İnstitutu (iNADO), Beynəlxalq Test Agentliyi, futbol federasiyaları assosiasiyaları və milli antidopinq təşkilatlarından 100-dən çox nümayəndəni bir araya gətirən tədbir təhsil vasitəsilə idmanda dürüstlüyün möhkəmləndirilməsinə qlobal öhdəlik nümayiş etdirib.
Tədbir zamanı UEFA-nın Antidopinq departamentinin rəhbəri Mark Vuyyamoz antidopinq səylərinin əsası kimi təhsilin həlledici rolunu vurğulayıb. Tədbirdə UEFA-nın Təhsil modelləri ətraflı nəzərdən keçirilib və antidopinq təcrübəsinin daha da təkmilləşdirilməsi üçün bu təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.