AZENG
17 May 2024

AMADA tibb işçilərini antidopinq sahəsində maarifləndirib

Mayın 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tibb işçiləri üçün antidopinq maarifləndirmə seminarı təşkil olunub.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən seminara 50-dək tibbi işçisi qatılıb.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin məsləhətçisi Azər Məmmədov ölkəmizdə həyata keçirilən uğurlu antidopinq siyasəti barədə məlumat verib, seminar iştirakçılarına uğurlar arzulayıb. 

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxışında bu tipli seminarların əhəmiyyətini yüksək qiymətləndirərək “Paris-2024” Yay Olimpiya Oyunlarına az müddət qaldığını və idmançılar kimi, tibbi heyətini də ciddi məsuliyyət gözlədiyini bildirib. T. Tağı-zadə onu da qeyd edib ki, irəlidə bu istiqamətdə beynəlxalq ekspertlərin də qatılacağı silsilə seminarlar təşkil ediləcək.

Tədbirdə antidopinq qayda pozuntuları, Terapevtik istifadə üçün istisnalar barədə məlumat verilib, Ümumdünya Antidopinq Agentliyinin qəbul etdiyi standartlar, Qadağan edilmiş siyahı və Antidopinq Məcəlləsi haqqında vacib məqamlar diqqətə çatdırılıb.

İnteraktiv şəkildə təşkil olunan seminarda tibb işçiləri komanda sorğularında iştirak edib, öz biliklərini yoxlayıblar. Sonda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

// JavaScript to handle gallery functionality