UNESCO-nun mənzil-qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı keçirilir. Konfransda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə də iştirak edir.
Tədbirin birinci günündə konfransın gündəliyinə əsasən, Konvensiyanın Bürosuna seçkilər keçirilib və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.
Konfransda, həmçinin cari ilin iyun ayında ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.
Oktyabrın 26-da yekun vurulacaq tədbirdə Azərbaycan nümayəndə heyətinə nazir Fərid Qayıbov rəhbərlik edir.