Şəhid ailələrinin övladlarına kosmos və texnologiya sahəsində biliklər qazandırmaq və onlara unudulmaz təcrübələr yaşatmaq məqsədilə 25-30 noyabr 2025-ci il tarixlərində Türkiyənin GUHEM mərkəzində qış düşərgəsi təşkil olunur.
Layihə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Azərbaycan Milli Antidopinq Agentliyi, Türkiyənin Kosmik Aviasiya Tədqiqat Mərkəzi (GUHEM) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.Qış düşərgəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid ailəsinin övladı iştirak edir.
Düşərgə çərçivəsində iştirakçılar yüksək texnologiyalar, kosmos, innovasiya və süni intellekt kimi sahələrdə təcrübələr əldə edəcək və müasir texnoloji alətlərdən istifadə edərək praktiki məşğələlərdə iştirak edəcəklər.Düşərgədə iştirakçılar kosmos və aviasiya sahələrində biliklər əldə etməklə yanaşı, innovasiya və texnologiya dünyasında öz karyeralarını qurmaq üçün geniş imkanlar qazanırlar. GUHEM mərkəzinin yüksək texnoloji infrastrukturunda keçiriləcək fəaliyyətlər, gənclərə bu sahələrdə daha dərindən bilik əldə etməyə və dünya səviyyəsində ixtisaslaşmış kadrlar olmaq üçün fürsətlər yaradır.
GUHEM Bursa Ticarət və Sənaye Palatası rəhbərliyi altında və Bursa Böyükşəhər Bələdiyyəsi ilə Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası ilə əməkdaşlıq çərçivəsində yaradılmış 13.000 kvadratmetr sahəni əhatə edən bir mərkəzdir. GUHEM kosmos və aviasiya texnologiyalarının inkişafını təşviq etməklə yanaşı, innovasiya, rəqəmsallaşma və İKT ekosisteminin inkişafı üçün müxtəlif layihə və proqramlar təqdim edir.