13 noyabr 2025-ci il tarixində “JW Marriott Absheron” mehmanxanasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), eləcə də digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, yerli və əcnəbi mütəxəssislər iştirak ediblər.
Konfransın məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılmasıdır.
Açılış mərasimində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və WADA-nın nümayəndəsi Stefan Trinks çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Konfrans işini plenar panellər üzrə davam etdirib.
Panellər çərçivəsində sual-cavab mərhələləri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.