AMADA, təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak edir. Milli antidopinq təşkilatı kimi, AMADA hər zaman milli səviyyədə fəaliyyətini təkmilləşdirmək və beynəlxalq səviyyədə dopinqlə mübarizəyə töhfə vermək üçün fürsətlər axtarışındadır. AMADA inanır ki, qarşılıqlı faydalı əməkdaşlıq həm ölkə daxilində, həm də qlobal arenada faydalıdır.
Ümumdünya Antidopinq Agentliyi (WADA), idman hərəkatı və dövlətlər tərəfindən təsis edilmiş və maliyyələşdirilən beynəlxalq müstəqil qurumdur. Onun əsas fəaliyyətləri elmi tədqiqat, təhsil, antidopinq fəaliyyətinin inkişafı və bütün idman növləri və bütün ölkələrdə antidopinq siyasətlərini birləşdirən sənəd olan Ümumdünya Antidopinq Məcəlləsinin monitorinqini daxil edir. AMADA, öz gündəlik fəaliyyətində WADA ilə sıx əməkdaşlıq edir və WADA-nın tədbirlərində və xüsusi işçi qruplarında iştirak edir. Bu, AMADA-ya ölkənin Məcəllə və Beynəlxalq Standartlara riayət statusunu dəstəkləməyə və eyni zamanda, qlobal səviyyədə dopinqlə mübarizəyə töhfə verməyə kömək edir.
Azərbaycan, 23 iyul 2007-ci il tarixində YUNESKO-nun İdmanda Dopinqə qarşı Beynəlxalq Konvensiyasına tərəf olmuşdur. Konvensiyanın məqsədi beynəlxalq hüququn dopinqlə mübarizəyə tətbiq edilməsinə yönəlmişdir. Konvensiya Ümumdünya Antidopinq Məcəlləsini tanıyır, onun effektiv tətbiq edilməsini təmin edir və həmçinin, dövlətlərin qlobal şəkildə dopinq probleminin həlli üçün istifadə edə biləcəkləri hüquqi çərçivəni təmin edir.
YUNESKO-nun uyğunluq monitorinqi qaydalarına əsasən Azərbaycan Respublikası AMADA, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Olimpiya Komitəsindən ibarət Milli Uyğunluq Platformasını yaratmışdır. AMADA, ölkənin uyğunluğunun əlaqələndirilməsi üzrə Milli Əlaqələndirici təyin edilmişdir.
Avropa Şurasının Antidopinq Konvensiyası 1 mart 1990-cı ildə qüvvəyə minmişdir. Konvensiya, antidopinq qanunvericiliyinin əlaqələndirilməsi məqsədilə məcburi qaydaları müəyyən edir. Azərbaycan Konvensiya və onun Əlavə Protokolunu müvafiq olaraq 4 noyabr 2003-cü ildə və 11 fevral 2004-cü ildə ratifikasiya etmişdir. Nəticədə, onlar 2004-cü ildə qüvvəyə mindi.
AMADA, Avropa Şurasının Monitorinq Qrupu (T-DO) və Ümumdünya Antidopinq Agentliyi üzrə Avropa Şurasının Xüsusi Avropa Komitəsinin (CAHAMA) iclas və fəaliyyətlərində, o cümlədən müxtəlif işçi qruplarında iştirak edərək, onlarla sıx tərəfdaşlıq edir.
12 iyul 2019-cu il tarixdə AMADA və BTA əməkdaşlıq müqaviləsi imzalamışlar. AMADA-nın BTA ilə tərəfdaşlığı test keçirmə, araşdırma, idmançıların bioloji pasportları sahələrində məlumat və təcrübə mübadiləsi və digər qarşılıqlı maraq təşkil edən sahələrdə əməkdaşlığı əhatə edir. Müqavilə, həmçinin AMADA-nın, BTA-nın xahişi ilə BTA adından Nümunə Toplanması üçün Səlahiyyətli Qurum kimi çıxış etməsini nəzərdə turur.
Sözügedən müqavilənin imzalanması, qabaqcıl təcrübədən faydalanmaq məqsədilə beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi və daha yüksək nəticələrin əldə edilməsi üçün milli və beynəlxalq antidopinq səyləri arasında sinergiyanı təmin etmək üzrə inkişaf strategiyasının növbəti addımıdır.
AMADA, öz test keçirilməsini daha effektiv planlaşdırmaq və daha yaxşı məlumat mübadiləsi məqsədilə digər milli antidopinq təşkilatları və özəl nümunə toplama üçün səlahiyyəti olan qurumlarla sıx əməkdaşlıq edir. 2019-cu ildə AMADA Rusiya Federasiyası, Özbəkistan, Bolqariya və Moldovanın MADT-ları ilə əməkdaşlıq müqavilələri imzalamış və həmçinin Almaniyada yerləşən beynəlxalq nümunə toplama üçün səlahiyyətli qurum olan “PWC” şirkəti ilə müqaviləsini yeniləmişdir.