AZENG

DOPİNQ NƏZARƏTİ

Dopinq Nəzarəti Prosesi

Dopinq Nəzarəti - Dopinq testinin edilməsi, təhqiqatlar, məkan məlumatları, Tİİ-lər, nümunələrin toplanması, laboratoriya tədqiqatları, nəticələrin emalı və sanksiyaların icrasınadək daxil olan bütün addım və proseslər.

Hər bir İdmançı istənilən zaman və istənilən yerdə heç bir xəbərdarlıq almadan dopinq testindən keçirilə bilər.

Dopinq Prosesi yarış müddətində və yarışdan kənar müddətdə keçirilə bilər.

Yarış müddəti - İdmançının iştirak edəcəyi yarışdan əvvəlki bir gün saat 23:59-dan başlayan və yarışın və həmin yarışla əlaqədar nümunə toplanması prosesinin bitdiyi anadək olan müddət.

Beynəlxalq federasiya xüsusi səbəblər yarandıqda WADA-ya müraciət edərək «Yarış müddəti»nə dair tərifə dəyişiklik edə bilər.

Əgər tərifin dəyişməsi ilə əlaqədar müraciət WADA tərəfindən təsdiq edilərsə Əsas Tədbir Təşkilatçısı yarış müddəti üzrə yeni tərifi bütün yarış müddətinə tətbiq edə bilər.

Yarışdan kənar müddət - Yarış müddəti olmayan hər hansı müddət hesab edilir.

Dopinq Testi hal-hazırda iki üsulla aparılır:

Sidik və qan nümunəsi.
İdmançıdan bir dopinq testi zamanı həm sidik, həm də qan nümunəsi götürülə bilər.
Dopinq Nəzarəti Yalnız səlahiyyətləndirilmiş şəxslər tərəfindən keçirilə bilər.

İdmançı heç bir halda dopinq testindən imtina edə bilməz. İmtina Antidopinq Qayda Pozuntusu kimi qiymətləndirilə bilər. (4 illik sanksiya tətbiq oluna bilər).


DOPİNQ NƏZARƏTİ PROSESİ MƏRHƏLƏLƏRİ

  1. İdmançı seçimi;
  2. Bildiriş;
  3. Dopinq Nəzarəti Məntəqəsinə gəliş;
  4. Nümunə toplanması qabının seçilməsi;
  5. Nümunənin təmin olunması;
  6. Nümunə saxlanma dəstinin seçilməsi;
  7. Nümunənin “A” və “B” qablarına bölünməsi;
  8. Nümunənin kip bağlanaraq qablaşdırılması;
  9. Nisbi sıxlığın ölçülməsi;
  10. Dopinq Nəzarəti Formasının yoxlanılması;
  11. Laboratoriya prosesi.

  1. İdmançı seçimi – İdmançı dopinq testi üçün təsadüfi, hədəfli və yarışda tutduğu yerə görə seçilir.
  2. Bildiriş – Dopinq Nəzarəti İnspektoru (DNİ) və ya Şaperon akkreditasiya sənədini təqdim edərək İdmançıya dopinq testi üçün seçildiyi barədə bildiriş verir. Həmçinin idmançıya təmin edəcəyi nümunənin növü, idmançının hüquq və vəzifələri haqqında məlumat verir. İdmançı bu məlumatlarla tanış olduğunu öz imzası ilə bildiriş formasında təsdiq edir. İdmançı bildiriş alan andan dopinq nəzarəti prosesi bitənə qədər DNİ və ya Şaperonun müşayiəti altında qalmalıdır.
  3. Dopinq Nəzarəti Məntəqəsinə gəliş – İdmançı bildiriş aldıqdan dərhal sonra Dopinq Nəzarəti Məntəqəsinə (DNM) gəlməlidir.

    *Gecikmə üçün əsaslı səbəb olduqda idmançı DNM-ə gecikə bilər. Bu müddət ərzində idmançı DNİ və ya Şaperonun müşayiəti altında qalmalıdır.

  4. Nümunə toplanması qabının seçilməsi – İdmançı nümunə toplanma qabını seçərək onun tamlığına əmin olmalıdır.
  5. Nümunənin təmin olunması – İdmançı minimal olaraq 90 ml sidik nümunəsi təmin etməlidir. Sidik nümunəsinin təmin edilməsi prosesində idmançı ilə eyni cinsdən olan DNİ/Şaperon idmançıya şahidlik etməlidir.

    İdmançı 90 ml-dən aşağı həcmdə sidik nümunəsini təmin etdikdə, bu natamam sidik prosesi ilə davam etməlidir.

    {İdmançı sidik nümunəsini təmin edərkən əllərini sabunsuz yumalı, geyimi dirsəyə və döş qəfəsinə qədər qaldırmalı və dizə qədər salmalıdır.}

  6. Nümunə saxlanma dəstinin seçilməsi – İdmançı nümunə saxlanma dəstini seçərək onun tamlığına əmin olmalıdır. Nümunə saxlanma dəstindəki bütün kod nömrələri eyni olmalı və formada qeyd edilməlidir.
  7. Nümunənin “A” və “B” qablarına bölünməsi – Sidik nümunəsi “A” və “B” qablarına bölünür. (“B” qabına minimum 30 ml, “A” qabına minimum 60 ml).
  8. Nümunənin kip bağlanaraq qablaşdırılması – Nümunə “A” və “B” qablarına bölündükdən sonra kip bağlanılaraq bir daha yoxlanılmalıdır.
  9. Nisbi sıxlığın ölçülməsi – Sidiyin nisbi sıxlığı ölçülərək, normaya uyğunluğu yoxlanılır. Nisbi sıxlıq normaya uyğun olmadıqda sizdən əlavə sidik nümunəsi götürülə bilər.

    (90-150 ml arası – 1.005; 150 ml-dən çox olduqda – 1.003 nisbi sıxlıq keçərlidir).

  10. Dopinq Nəzarəti Formasının (DNF) yoxlanılması – İdmançı DNF-də son 7 gün ərzində qəbul etdiyi maddələri/qida əlavələrini və son 3 ayda qan köçürməsi barədə məlumatı düzgün qeyd etməlidir. Həmçinin dopinq prosesində idmançıya şübhəli gələn məqamları şərh bölməsində yazaraq, DNF-də olan bütün məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq etməlidir. DNF-in nüsxəsi idmançıya təqdim edilməlidir.
  11. Laboratoriya prosesi – Nümunələr yalnız WADA tərəfindən akkreditə və ya təsdiq edilmiş laboratoriyalarda yoxlanıla bilər. Müəyyən nümunələr 10 il müddətində saxlanıla bilər.

*Dopinq Nəzarəti Məntəqəsinə gecikmək üçün əsaslı səbəblər:

  •      Mükafatlandırma Mərasimində iştirak;
  •      Media öhdəliklərin icrası;
  •      Sonrakı yarışlarda iştirak və ya məşqin başa çatması;
  •      Zəruri tibbi müalicənin alınması;
  •      Nümayəndə və ya tərcüməçinin axtarılması;
  •      Fotoşəkilli şəxsiyyəti təsdiq edən sənədin əldə olunması;
  •      Sakitləşmək üçün.

!Bütün bu zaman ərzində İdmançı DNİ/Şaperonun müşayiəti altında olmalıdır.

Qan Toplanma Prosesi

Dopinq prosesi mərhələləri hər iki nümunə növü üçün eyni qaydada aparılır.

Qan Toplanma Prosesi təcrübəli, müvafiq tibbi təhsili olan və akkreditə olunmuş Qan Toplama İnspektoru tərəfindən həyata keçirilir.

  • Qan toplanmasından əvvəl İdmançı 10 dəqiqə sakit şəkildə ayaqları yerdə olmaq şərti ilə oturmalıdır.
  • Əgər İdmançı axırıncı 30 dəqiqə ərzində yarışda və ya intensiv məşqdə iştirak edibsə, İdmançı qan toplanması üçün 30 dəqiqə gözləməlidir. Bu 30 dəqiqə ərzində İdmançı müşahidə altında olmalıdır.

İdmançının Bioloji Passportu (İBP)

Əgər İdmançı axırıncı 2 saat ərzində yarışda və ya intensiv məşqdə iştirak edibsə, İdmançı qan toplanması üçün 2 saat gözləməlidir. Bu 2 saat ərzində İdmançı müşahidə altında olmalıdır.
İBP üçün əlavə forma doldurulur.

Dopinq Nəzarəti Prosesində (DNP) İdmançının hüquqları:

  •      DNP həyata keçirən şəxsin akkreditasiya sənədini tələb etmək;
  •      DNP haqqında əlavə məlumat əldə etmək;
  •      Nümayəndənin iştirakını tələb etmək;
  •      Ehtiyac yarandığı halda tərcüməçi tələb etmək;
  •      Gecikmə üçün əsaslı səbəb olmadığı halda dərhal dopinq nəzarəti məntəqəsinə gəlmək;
  •      Zərurət olarsa tibbi yardımdan istifadə etmək;
  •      Sağlamlıq imkanı məhdud şəxs olduğu halda dəyişikliklər edilməsi barədə müraciət etmək;
  •      DNP ilə əlaqədar idmançıya şübhəli gələn məqamların sənədləşməsini tələb etmək;
  •      Dopinq Nəzarəti Formasının surətini tələb etmək.

Dopinq Nəzarəti Prosesində İdmançının öhdəlikləri:

  •      Bildiriş alan andan DNP bitənə qədər DNİ/Şaperonun müşayiəti altında qalmaq;
  •      Şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etmək;
  •      DNP-yə riayət etmək;
  •      Bildirişdən sonra ilk sidik nümunəsini DNM-də təmin etmək;
  • Gecikmək üçün əsaslı səbəb olmadıqda dərhal DNM-ə getmək

Dopinq testi zamanı Azyaşlı idmançı (18 yaşına çatmamış):

  •      Bildiriş Azyaşlı İdmançının nümayəndəsinin (18 yaşı tamam olmuş istənilən şəxs) iştirakı ilə verilir;
  •      Azyaşlı İdmançının dopinq testi zamanı nümayəndənin iştirakı mütləqdir;
  •      Azyaşlı İdmançının dopinq testi zamanı nümayəndəsi ilə bərabər ikinci DNİ/Şaperon iştirak etməlidir;
  •      İdmançının nümayəndisi DNİ/Şaperonu, ikinci DNİ/Şaperon isə nümayəndəni müşahidə etməlidir. Yalnız DNİ/Şaperon sidiyin təmin edilməsi prosesinə şahidlik etməlidir.

Dopinq Nəzarəti Prosesində Məhdud İmkanlı İdmançılar:

  • Əqli və ya fiziki cəhətdən sağlamlıq imkanları məhdud idmançı nümunə toplanmasının hər mərhələsində nümayəndənin və ya Nümunə Toplanma Heyətinin köməyindən istifadə edə bilər. Hər bir dəyişiklik dopinq nəzarəti formasında öz əksini tapmalıdır;
  • Sağlamlıq İmkanları məhdud idmançı sidiyin təmin edilməsi üçün kateterdən istifadə edirsə dopinq nəzarəti zamanı o yenisi ilə əvəz olunmalıdır. Kateter zəruri dopinq nəzarəti avadanlığı sayılmadığı üçün Nümunə Toplanma Heyəti kateter təqdim etmir. Kateterin təmin olunması İdmançının məsuliyyətidir. Hər bir dəyişiklik dopinq nəzarəti formasında öz əksini tapmalıdır.

Dopinq Prosesində idmançılar üçün xüsusi qeydlər:

  •      DNP zamanı idmançıya seçim üçün minimum 3 nümunə toplanma qabı təqdim olunmalıdır;
  •      İdmançıya bildirişdən sonra 1 L-dən artıq maye qəbul etmək məsləhət görülmür;
  •      İdmançı bildirişdən sonra duş qəbul etməməlidir;
  •      İdmançı dopinq prosesi ilə bağlı istənilən narahatçılığa dair şərhini Dopinq Nəzarəti Formasında sərbəst bildiyi dildə aydın şəkildə mütləq yazmalıdır.